2017-ci ildə Azərbaycanın müdafiə sənayesi müəssisələri bir sıra silahların seriyalı istehsalını planlaşdırır. Bu barədə müdafiə sənayesi naziri Yavər Camalov bəyan edib.
“2017-ci ildə əsas diqqət keçid layihələri üzrə işlərin davam etdirilməsinə yönəldiləcək. 2017-ci ildə nazirliyin müəssisələrində 136 adda müdafiə təyinatlı məmulatların yaradılması istiqamətində təcrübi-konstruktor işləri aparılır”, - deyə Y.Camalov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bildirib.
Onun sözlərinə görə, istismara buraxılacaq 3 istehsalat müəssisəsində 100, 122, 130, 152 millimetrlik, eləcə də NATO standartlarına uyğun 155 millimetrlik artilleriya və 125 millimetrlik tank topları üçün mərmilərin və onların gilizlərinin, 40x46 millimetrlik qumbaraatan üçün müxtəlif növ qumbaralı atəş yığımlarının, RPQ-7V2 tipli tank əleyhinə əl qumbaraatanı üçün 4 növ qumbaralı atəş yığımlarının istehsalı üzrə son tamamlama işləri başa çatdırılacaq.
“Silahlanmaya tövsiyə olunan 7,62x51 millimetrlik xüsusi təyinatlı “Yalquzaq” snayper tüfənginin, 7,62x54 millimetrlik xüsusi təyinatlı əl pulemyotunun, 30 millimetrlik avtomatik qumbaraatan kompleksinin, 40x46 millimetrlik əl qumbaraatanının, 7,62x39 və 5,56x45 millimetrlik avtomatların, F-1 tipli əl qumbarasının, VOQ-25P tipli atəş yığımının, M-6, M-12 tipli mina partladıcıların və s. məmulatların cari ildə seriyalı istehsalı nəzərdə tutulur”, - deyə Y.Camalov vurğulayıb. **
R.Babayev