Bakı Polşanı Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin imkanlarından faydalanmağa çağırıb.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu gün polşalı həmkarı Vitold Vaşçikovski ilə görüşüb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Polşa Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, xüsusən Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin imkanlarından faydalana bilər”, - deyə E.Məmmədyarov bildirib.
Azərbaycan və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq məsələsinə toxunan XİN başçısı Azərbaycan ilə strateji tərəfdaşlığa dair sazişin imzalanmasının Bakı və Brüssel arasında hərtərəfli tərəfdaşlığın inkişafı üçün mühüm zəmin yaradacağına əminlik ifadə edib.
E.Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında həmsöhbətinə məlumat verib və rəsmi Bakınınbeynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və münaqişənin bu prinsiplər əsasında həllində dəstək nümayiş etdirdiyinə görə Polşa tərəfinə təşəkkürünü ifadə edib. Azərbaycanın XİN başçısıbütün münaqişələrə vahid yanaşma və prinsiplərin tətbiq edilməsinin vacibliyini də xüsusi vurğulayıb.
V.Vaşçıkovski ölkəsinin Azərbaycan ilə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini bildirib və adıçəkilən nəqliyyat dəhlizlərinin cəlbedici olduğunu vurğulayıb.
O, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin vacibliyini qeyd edib.
Görüşdə, həmçinin iki ölkə arasında müdafiə sənayesi və dəniz nəqliyyatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün aidiyyəti nazirlərin qarşılıqlı səfərlərinin təşkil edilməsi və danışıqların aparılması məsələsi müzakirə olunub.
Tərəflər iki ölkə arasında birbaşa uçuşların həyata keçirilməsi və turizmin inkişafı məsələlərini nəzərdən keçiriblər.
Bildirilib ki, bu il Azərbaycanla Polşa arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi qeyd olunur və bu müddət ərzində tərəflər arasında 35 sənəd imzalanıb və 12 sənəd layihəsi baxılmaqdadır.*
F.İsazadə