2017-ci ilin birinci rübündə qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şirkətlər dövlət büdcəsindən 520 min manatdan artıq məbləğdə təşviqi vəsait əldə ediblər. Bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayevv bəyan edib.
“Birinci rübdə qeyri-neft məhsulları ixracatçılarına 520 min manatdan artıq məbləğdə təşviq vəsaiti ödəmişik. Mexanizmin qüvvədə olduğu beş ay ərzində ödənişlər 750 min manat təşkil edib”, - deyə S.Babayev bu gün Bakıda IV Beynəlxalq "Caspian Energy Forum-2017 zamanı bildirib.
2016-cı ilin oktyabr ayında Nazirlər Kabineti “Qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə ixrac təşviqinin ödənilməsi Qaydası”nı təsdiq edib. Hökumətin qərarına əsasən ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3%-ni təşkil edir. Şəxslər ixrac təşviqinin alınması üçün bu Qaydanın 1 nömrəli əlavəsində göstərilən formada tərtib olunan ərizə ilə İqtisadiyyat Nazirliyinə müraciət edirlər.
Nazirlər Kabinetinin qərarına əsasən mallara aşağıdakı əmsallar tətbiq olunur: bal – 1,5, qurudulmuş meyvələr – 1,5, xurma – 1, nar – 1, unlu qənnadı məmulatları – 1,5, sirkə və ya sirkə turşusundan istifadə olunub-olunmamasından asılı olaraq konservləşdirilmiş meyvə və tərəvəz – 1,5-2, cemlər, mürəbbələr, meyvə jelesi, marmeladlar, meyvə və ya qoz-fındıq püresi, meyvə və ya qoz-fındıq pastası – 2, meyvə və tərəvəz şirələri, o cümlədən nar şirəsi – 2, souslar və ədviyyatlar – 2, təbii və ya süni mineral sular, qazlı sular - 1,5, alkoqolsuz içkilər – 1,5, şərab və digər spirtli içkilər – 2, Naftalan mazı – 2, təbii dəridən geyim əşyaları və digər məmulatlar – 2, pambıq ipliyindən geyim əşyaları, ləvazimatları və digər hazır toxuculuq məmulatları – 2, ipək – 1,5, xalça – 2.**
A.Axundov