Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında ümummilli lider, sabiq prezident Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev qeyd edib ki, H.Əliyev Azərbaycan tarixində silinməz iz qoyub.
O vurğulayıb ki, H.Əliyevin həyatını, yaradıcılığını və dövlət quruculuğu konsepsiyasını onun “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır” fəlsəfi yanaşması xarakterizə edir. «Ümummilli lider hər zaman deyib ki, dövlət xalqın maraqlarına xidmət etməli, xalqın maraqları hər şeydən üstün olmalıdır»,- deyə Ə.Mehdiyev əlavə edib.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı sədrinin müavini Cəlil Xəlilov qeyd edib ki, H.Əliyevi dövlətin tarixində əbədi yaşadan ən mühüm cəhətlərdən biri onun xalqı və dövləti düşdüyü bəladan qurtararaq yeni inkişaf səviyyəsinə çıxarmasıdır.
Tədbirdə Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, “Space” Teleradio şirkətinin prezidenti Vaqif Mustafayev, “İnterfaks-Azərbaycan” informasiya agentliyinin baş direktoru Aleksandr İvanov və başqaları sabiq prezident haqqında xatirələri ilə bölüşüblər.*
F.İsazadə