2017-ci ilin birinci rübündə Azərbaycanın xarici ticarətinin müsbət saldosu ötən ilin analoji dövründə $78,361 mln.- a qarşı $1 mlrd. 93,532 mln. təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Cari ilin birincin rübü ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi $4 mlrd. 119 mln. 79,75 min (artım 15,31%) təşkil edib.
Bununla yanaşı, hesabat dövrü ərzində ixracın həcmi $2 mlrd. 606 mln. 306,06 min, idxalın həcmi $1 mlrd. 512 mln. 773,69 min təşkil edib. 2016-cı ilin yanvar-mart aylarının göstəricisi ilə müqayisədə ixracın həcmi 49,2% artıb, idxalın həcmi 17,12% azalıb.
İxracın strukturunda 76,28% neftin, 3% neft məhsullarının, 10,22% təbii qazın, 0,15% elektrik enerjisinin, 2,13% meyvə-tərəvəz məhsullarının, 0,08% çayın, 0,13% bitki və heyvan mənşəli yağların, 0,33% qəndin, 0,22% spirtli və spirtsiz məhsulların, 0,37% kimya məhsullarının, 1,31% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 0,15% pamblq ipliyin, 0,46% qara metal və ondan hazırlanan məmulatların, 1,14% alüminium və ondan hazırlanan məmulatların, 4,03% digər məhsulların payına düşüb.
İdxalın strukturunda 19,74% ərzaq məhsullarının, 2% tütün və tütün məhsullarının, 0,05% sementin, 2,56% əczaçılıq məhsullarının, 3,54% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,52% odun və oduncaqdan hazırlanan məhsulların, 9,93% qara metal və ondan hazırlanan məmulatların, 21,5% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 4,46% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 1,15% mebelin, 32,55% digər məhsulların payına düşüb.
2017-ci ilin yanvar-mart aylarında xarici ticarət əməliyyatlarında 3,224 min özəl və dövlət müəssisəsi və 2,294 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan dünyanın 149 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.
Bu ilin yanvar-mart aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 20,67%-i), Türkiyə (11,84%), Portuqaliya (6,9%), Tayvan (6,47%), İsrail (5,73%) və əsas idxal əməliyyatlarını isə Rusiya (19,65%), Türkiyə (16,13%), Çin (9,83%), Almaniya (4,93%) və ABŞ-la (4,88%) həyata keçirib.**
N.Abbasova