Azərbaycanda “Formula 1” yarışının keçiriləcəyi Bakı Şəhər Halqasında asfalt örtüyünün yarışa hazır vəziyyətə gətirilməsi üçün aprelin 15-də təmir-bərpa işlərinə başlanılacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
“Trekin asfalt qatının yarışa hazır vəziyyətə gətirilməsi ilə əlaqədar aparılacaq işlər üç mərhələdə həyata keçiriləcək”, - deyə BŞH-nin Yarış Obyektinin tikintisi üzrə rəhbəri Tom Butçer bildirib.
15-19 aprel tarixlərində, trekin 15 və 16-cı döngələri arasında yerləşən qəmbər daşlı hissəsinə qoruyucu qat çəkilərək yol hamarlaşdırılacaq.
20-23 aprel tarixlərini əhatə edən ikinci mərhələdə qəmbər daşlı hissəyə sonuncu asfalt qatı çəkiləcək. Asfalt çəkilişinin sürətli şəkildə reallaşdırılması üçün 15-23 aprel tarixləri ərzində trekin İstiqlaliyyət küçəsinin Şeyx Şamil küçəsi ilə kəsişməsindən Niyazi küçəsinədək olan hissəsi və həmçinin, buradan da Azneft dairəsinədək olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq.
Sonuncu mərhələyə 23 aprel tarixində start veriləcək. Mayın 1-dək davam edəcək proses çərçivəsində Bakı Şəhər Halqasının bütün asfalt örtüyünə baxış keçiriləcək və ehtiyac olduğu yerlərdə təmir-bərpa işləri aparılaraq trek yarış üçün tam hazır vəziyyətə gətiriləcək.
23-25 iyun tarixlərində Azərbaycanda “Formula 1” yarışı keçiriləcək. **
R.Babayev