Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsinin məhdudlaşdırılması yerli tütün istehsalçılarına təsir göstərməyəcək. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli belə hesab edir.
"Azərbaycan bazarında satılan tütün məhsullarının təxminən 60%-i başqa ölkələrdən idxal edilir. Bundan başqa, Azərbaycandan ixrac edilən tütün yarpağına xaricdə tələbat var. Buna görə siqaret çəkilməsinin məhdudlaşdırılması daxili tütün istehsalına təsir göstərməyəcək", -deyə o, parlamentdə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Sədrin sözlərinə görə, Azərbaycanda 20-44 yaş qrupunda olan kişilərin 30%-i, 45-64 yaş qrupunda olan kişilərin 51%-i siqaret çəkir. Onlar orta hesabla gün ərzində 16 ədəd siqaret çəkirlər.
H.Rəcəbli qeyd edib ki, son zamanlar siqaret çəkən qadınların payı artaraq 1%-ə çatıb.
“Sorğular göstərib ki, kişilərin 67,5%-i və qadınların 52,3%-i ətrafdakı siqaret tüstüsündən əziyyət çəkir”, - deyə o əlavə edib.*
A.Axundov