Azərbaycanın ilk zirehli nəqliyyat vasitəsi “Tufan” sınaqlardan uğurla keçib. Bu barədə müdafiə sənayesi naziri Yavər Camalov bəyan edib.
“Tufan” minaya davamlı milli zirehli nəqliyyat vasitəsinin üzərində aparılan işlər uğurla başa çatdırılıb və cari ilin fevral ayında Müdafiə Nazirliyi və digər güc strukturlarının aparıcı mütəxəssislərinin iştirakı ilə təqdimatı keçirilib”, - deyə Y.Camalov Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeli müəssisələrində 2017-ci ilin birinci rübünün yekunlarına dair kollegiya iclasında bildirib.
Nazirin sözlərinə görəı, sınaqlar zamanı milli zirehli nəqliyyat vasitəsi qarşıya qoyulan tələblərə cavab verib və mütəxəssislər tərəfindən müsbət qiymətləndirilib.
“Tufan” milli zirehli nəqliyyat vasitəsinin üzərində quraşdırılmış 12,7; 14,5; 23 və 30 millimetrlik silahlarla təchiz edilmiş universal döyüş modulu da nazirliyin müəssisələrində istehsal olunub”, - deyə Y.Camalov vurğulayıb.
Nazir əlavə edib ki, ağırlığı 12,3 tona çatan “Tufan” zirehli nəqliyyat vasitəsi, 3 min kiloqrama qədər faydalı yük və 10 nəfər şəxsi heyəti tam təhlükəsiz şəraitdə daşımaq imkanına malikdir. **
R.Babayev