2017-ci ilin yanvar-fevral aylarında Azərbaycan əhalisinin sayı 0,1% və ya 13,686 min nəfər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Martın 1-nə respublika əhalisinin sayı 9 mln. 823,667 min nəfərə çatıb.
Əhalinin sıxlığı bir kvadrat kilometrə 113 nəfərdir.
Əhalinin 53%-i şəhər, 47%-i isə kənd sakinləridir. Əhalinin 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir.
Hazırda hər 1000 kişiyə orta hesabla 1006 qadın düşür.
Yanvar-fevral aylarında ölkə üzrə 24,648 min, yaxud hər gün orta hesabla 418 doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 15,7 təşkil edib. Doğulan körpələrin 52,7%-i oğlan, 47,3%-i isə qız uşaqlarından ibarətdir. Körpələrin 424-ü əkiz, 12-si isə üçəm doğulanlardır.
Qeyd olunan dövrdə 11,07 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölənlərin sayı 7,1 təşkil edib.
İlk 2 ay ərzində ölkədə qeydiyyat şöbələri tərəfindən 8,476 min nikah və 2,422 min boşanma halı qeydə alınıb.
Yanvar-fevral aylarında Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 306 nəfər gələn və 198 nəfər ölkədən gedən qeydə alınıb.*
R.Babayev