Azərbaycan növbəti 3-4 il ərzində özünü əsas istehlak malları ilə tam şəkildə təmin etməlidir. Bunu prezident İlham Əliyev aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində deyib.
“Növbəti 3-4 il ərzində biz çalışmalıyıq ki, əsas istehlak mallarımızla özümüzü tam şəkildə təmin edək. Beləliklə, ixrac üçün əlavə imkanlar yaranacaq”, - deyə dövlət başçısı bildirib.
Onun sözlərinə görə, əhalinin artımı qarşımızda çox ciddi vəzifələr qoyur.
“Biz istehsalımızı daim artırmalıyıq ki, daxili tələbatı tam ödəyək və ixraca rəqabətqabiliyyətli mallar təqdim edək. Ona görə, növbəti illərdə daxili tələbatı yerli məhsullarla təmin etmək məsələləri birinci dərəcəli vəzifələrdir. Eyni zamanda, biz dövlətin dəstəyi ilə yeni bazarlara çıxış əldə etməliyik. Biz bunu edirik və edəcəyik, ixracyönümlü məhsulların həcmini artırmalıyıq. Ərzaq təhlükəsizliyi də bu iki amillə bilavasitə bağlı olan məsələdir”, - deyə prezident İ.Əliyev vurğulayıb.*
A.Axundov