Prezident İlham Əliyev sahibkarları Azərbaycan məhsullarının ixrac həcminin artırılması üçün xaricdə logistika mərkəzləri yaratmağa çağırıb.
"Biz bazarları, indiki durumu və perspektivləri çox dəqiq təhlil etməliyik və yeni bazarlara çıxış əldə etməliyik. Biz xarici bazarlarda öz mövqelərimizi möhkəmləndirməliyik və bunun üçün logistika mərkəzlərinin yaradılması xüsusi əhəmiyyət daşıyır”, - deyə dövlət başçısı aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində bildirib.
Onun sözlərinə görə, Qazaxıstanın Aktau vilayətində Azərbaycanın xaricdə birinci logistika mərkəzi yaradıldı. “Bu mərkəzin çox böyük əhəmiyyəti var. Bu, bizə imkan verəcək ki, öz məhsullarımızı rahatlıqla Orta Asiya, Qazaxıstan bazarlarına ixrac edək. Başqa ölkələrdə də bu mərkəzlər yaradılmalıdır. Bu işlərdə xaricdə yaşayan azərbaycanlılar da öz rolunu oynamalıdırlar”, - deyə prezident qeyd edib.
İ.Əliyev vurğulayıb ki, istehsalçılar məhsulun qablaşdırılmasına diqqət göstərməlidir. “Son vaxtlar buna diqqət göstərilir. Çalışmalıyıq ki, Azərbaycanda qablaşdırma sənayesi inkişaf etsin. Biz hələ ki, bir çox qabları, həmçinin yardımçı materialları xaricdən idxal edirik. Bunu Azərbaycanda istehsal etmək üçün heç bir problem yoxdur. Ümumiyyətlə, qablaşdırma bizim idxaldan asılılığımızı azaldar. Çünki istehsal etdiyimiz məhsulların maya dəyərində biz həmişə xarici komponenti axtaranda görürük ki, qablaşdırma burada xüsusi rol oynayır. Ona görə, Azərbaycanda qablaşdırma tam təşkil edilməlidir və buna böyük diqqət göstərilməlidir”, - deyə dövlət başçısı əlavə edib.*
A.Əzizov