Mart ayında Azərbaycanda inflyasiya1,6% təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
„2017-ci ilin mart ayında ərzaq məhsullarının qiymətləri 3,1%, qeyri-ərzaq məhsullarının 0,6%, əhaliyə göstərilən pullu xidmətlərin qiymətləri isə 0,5% bahalaşıb“, - deyə Komitədən qeyd ediblər.
Statistik məlumatlara əsasən, martda çörək məmulatları, balıq məhsulları, süd məhsulları, pendir, yumurta meyvə, tərəvəz, mineral sular, sərinləşdirici içkilər və şirələr, alkoqollu içkilər və s. mallar bahalaşıb.
Mart ayında qeyri-ərzaq məhsullarından parçaların, geyimin, ayaqqabıların, tikinti materialları, mebel və məişət texnikasının, telefon aparatları, oyuncaqların qiymətlərində bahalaşma müşahidə olunub.
Bu ay zərgərlik məmulatlarının qiymətində ucuzlaşma olub.
Mart ayında tibb və stomatoloji xidmətlər, mənzil icarəsi, kompleks istirahət xidmətləri, hava və dəmir yolu ilə sərnişindaşıma nəqliyyatında qiymətlərdə artım müşahidə olunub.
Hesabat ayında dəniz ilə sərnişindaşıma nəqliyyatında qiymətlər ucuzlaşıb.
Martın yekunları üzrə qiymətlərin orta illik artımı 13.2%-dək artıb. İl ərzində ərzaq məhsulları 17%, qeyri-ərzaq məhsulları 12,6%, xidmətlər 8,6% bahalaşıb.
Azərbaycan hökuməti 2017-ci ildə orta illik inflyasiyanı 7,3% səviyyəsində proqnozlaşdırır.
2016-cı ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 12,4% təşkil edib. **
A.Əzizov