Valletta Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişinin imzalanmasına töhfə verməyə hazırdır. Bunu Maltanın baş naziri Cozef Muskat deyib.
“Aİ-yə hazırda sədrlik edən dövlət qismində Malta Aİ ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sazişinin imzalanmasını dəstəkləyir və sazişin razılaşdırılmasına töhfə verməyə hazırdır”, - deyə o, Maltada rəsmi səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə bildirib.
XİN-dən verilən məlumata görə, görüşdə Maltanın baş naziri ikitərəfli əlaqələrin mövcud vəziyyətindən məmnunluq ifadə edib və Maltanın Azərbaycan ilə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu bildirib.
Nazir E.Məmmədyarov iki ölkə arasında əlaqələrin son illərdə dinamik şəkildə inkişaf etdiyini və həyata keçirilmiş yüksək səviyyəli səfərlərin əlaqələrin inkişafına münbit zəmin yaratdığını deyib. Elmar Məmmədyarov bu xüsusda iqtisadi və enerji sahəsində əməkdaşlığın inkişafında əldə olunan müsbət nəticələri qeyd edib.
Maltaya rəsmi səfərin bu ölkənin Aİ-yə sədrliyi dövrünə təsadüf etdiyini deyən XİN başçısı Aİ-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri, Aİ ilə tərəfdaşlığa dair yeni saziş layihəsi üzrə aparılan danışıqlar barədə ətraflı məlumat verib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə toxunan E.Məmmədyarov Aİ-nin dövlətlərin suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi təməl prinsiplərə sadiqliyinin bütün münaqişələrə münasibətdə vahid və birmənalı şəkildə ifadə olunmasının vacibliyini vurğulayıb.
“Görüşdə əlaqələrin müxtəlif sahələrdə inkişafı, transmilli enerji və nəqliyyat layihələri və habelə qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qetd olunur.*
R.Babayev