2017-ci ildə Azərbaycanda makroqitisadi sabitliyin təmin edilməsi və iqtisadi artımın dəstəklənməsi üçün struktur islahatlarının həyata keçirilməsi davam etdiriləcək. Bu barədə Maliyyə Sabitliyi Şurasının Katibliyindənməlumat verilib.
14 aprel tarixində baş nazir, Maliyyə Sabitliyi Şurasının sədri Artur Rasi-zadənin sədrliyi ilə cari ilin I rübünün yekunlarına həsr edilmiş Maliyyə Sabitliyi Şurasının iclası keçirilib.
“İclasında qeyd olundu ki, cari ilin I rübündə milli iqtisadiyyatın inkişafında pozitiv dinamika və makroiqtisadi sabitliyin təmin olunmasında müsbət trendlər yaranıb”, - deyə məlumatda deyilir.
Aylıq inflyasiya tempi yanvar ayından sonra düşməyə başlayıb, manatın məzənnəsinin ucuzlaşması dayanıb və hətta manat müəyyən qədər möhkəmlənib, iqtisadi artım bərpa olunub. Əlverişli neft qiymətləri və məzənnə şəraitində tədiyə balansı tarazlaşmağa başlayıb, ölkənin strateji valyuta ehtiyatları artıb.
2017-ci ilin ötən dövründə makroiqtisadi siyasətin başlıca istiqamətləri, o cümlədən pul-məzənnə siyasəti ilə fiskal siyasətin effektiv taktiki əlaqələndirilməsi təmin edilib.
“Pul təklifinin həcminin optimallaşdırılmasını nəzərdə tutan pul proqramı razılaşdırılaraq icraya götürülüb. Mərkəzi Bank tərəfindən sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi ilə izafi pul kütləsinin valyuta bazarına və məzənnəyə mənfi təsirlərinin neytrallaşdırılması sabitləşdirici rol oynayıb. Pul bazasının monetar siyasətin başlıca lövbərinə çevrilməsi və bütün emissiya mənbələrinin effektiv idarə edilməsinə imkan verən bir sıra qərarlar qəbul edilib. Büdcə-borc siyasəti çərçivəsinin daha da təkmilləşdirilməsi istiqamətində görülən işlər isə ortamüddətli dövrdə büdcə dayanıqlığının gücləndirilməsi üçün əlverişli makro-fiskal baza yaradıb”, - deyə məlumatda vurğulanır.
Cari ilin ötən dövründə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunmasına, o cümlədən valyuta bazarının tarazlaşdırılmasına yönəlmiş tədbirlər üzən məzənnəyə keçid istiqamətində mühüm qərarlar qəbul edilməsinə zəmin yaradıb.
“Ötən illərdə yaranmış və valyuta bazarına ciddi mənfi təsir göstərən borc öhdəliklərinin makroiqtisadi çərçivədən (daxili valyuta bazarından) kənarlaşdırılaraq əlahiddə rejimdə həll edilməsi, valyuta rejiminin təkmilləşdirilməsi, gömrük-tarif siyasəti sahəsində idxalın məhdudlaşdırılması, habelə ixracın stimullaşdırılması istiqamətində həyata keçirilmiş tədbirlər valyuta bazarına stabilləşdirici təsir edib. Valyuta bazarında sabitləşmə meyllərinin başlaması manatın məzənnəsinə adekvat təsir göstərib və bu, inflyasiyanın məqbul səviyyədə saxlanması və dedollarlaşmanın başlanması üçün makroiqtisadi zəmin yaradır”, - deyə məlumatda qeyd edilir.
Maliyyə sisteminin dayanıqlığının təmin edilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilmiş,“Azərbaycan Beynəlxal Bankı” ASC-nin sağlamlaşdırılması və Əmanətlərin Sığortalanması Fondunun kapitalizasiyası istiqamətində mühüm qərarlar qəbul edilib.
“İlin qalan dövründə də makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsinə yönəldilmiş siyasət davam etdirilməlidir. Başlıca vəzifələr makroiqtisadi siyasətin çevikliyinin təmin edilməsi, yeni şəraitdə formalaşan risklərə qarşı adekvat tədbirlərin görülməsi, makroiqtisadi siyasətin koordinasiyasının daha da gücləndirilməsi, formalaşan rəqabət üstünlüklərindən iqtisadi artımın daha da sürətləndirilməsi üçün nəzərdə tutulan struktur islahatlarının həyata keçirilməsi davam etdiriləcək”, - deyə məlumatda qeyd olunur. **
A.Axundov