2017-ci ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 3 mlrd. 182,3 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitənin məlumatına əsasən, yanvar-mart aylarında kapital qoyuluşlarının ümumi həcmindən 2 mlrd. 745 mln. manat (bütün investisiyaların 86,3%-i) istehsalat təyinatlı obyektlərin, 290,1 mln. manat (bütün investisiyaların 9,1%-i) xidmət obyektlərinin, 147,2 mln. manat yaşayış sahələrinin inşasına (bütün investisiyaların 4,6%-i) yönəldilib.
Hesabat dövrü ərzində 2 mlrd. 106,9 mln. manat (bütün investisiyaların 66,2%-i) xarici investisiyaların, 1 mlrd. 75,4 mln. manat (bütün investisiyaların 33,8%-i) daxili investisiyaların payına düşüb.
Yanvar-mart aylarında əsas kapitala dövlət investisiyalarının həcmi 808,3 mln. manat (bütün investisiyaların 25,4%-i), özəl investisiyaların həcmi 2 mlrd. 373,9 mln. manat (bütün investisiyaların 74,6%-i) təşkil edib.
Hesabat dövründə tikinti-quraşdırma işlərinə kapital qoyuluşları 2 mlrd. 265,8 mln. manat və ya bütün kapital qoyuluşlarının 71,2%-ni təşkil edib.
Yanvar-mart aylarında Azərbaycanın neft sektoruna kapital qoyuluşları 2 mlrd. 214,2 mln. (bütün investisiyaların 69,5%-i), qeyri-neft sektoruna 968,1 mln. manat (bütün investisiyaların 30,5%-i) təşkil edib. **
N.Abbasova