Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım üzrə Komitəsində qonaq statusu alıb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AİDA) tərəfindən 2015-ci ildən etibarən aparılan məqsədyönlü işin nəticəsi olaraq, Azərbaycan artıq dünyada inkişafa yardım sahəsində ən nüfuzlu beynəlxalq qurum sayılan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) İnkişafa Yardım üzrə Komitəsində (DAC) qonaq statusunda təmsil olunacaq”, - deyə məlumatda deyilir.
Nazirlik qeyd edir ki. OECD/DAC ilə əməkdaşlıq Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır.
“Bu nüfuzlu təşkilatın iclaslarında iştirak Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da artmasına, ölkəmiz tərəfindən həyata keçirilən donor fəaliyyətinin səmərəliliyinin artırılmasına və yeni tərəfdaşlıq münasibətlərinin formalaşdırılmasına xidmət edəcək", - deyə məlumatda qeyd olunur. **
R.Babayev