Bu gün Bakıda Azərbaycan və Gürcüstan arasında iki ölkənin dövlət sərhədinin delimitasiyası məsələləri üzrə məsləhətləşmələr keçirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Bakıda Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Gürcüstan xarici işlər nazirinin müavini David Dondua arasında iki ölkənin dövlət sərhədinin delimitasiyası məsələləri üzrə məsləhətləşmələr keçirilib”, - deyə məlumatda bildirilir.
Görüşdə, həmçinin hər iki ölkənin Xarici İşlər nazirliklərinin nümayəndələri və Azərbaycan Respublikasının əlaqədar dövlət orqanlarının ekspertləri iştirak ediblər.
“Dövlət sərhəd xəttinin keçilməsi ilə əlaqədar məsələlərə baxılıb və Komissiya çərçivəsində gələcəkdə müəyyən sənədlərin işlənib-hazırlanması məqsədilə fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunur.
Keçirilmiş məsləhətləşmələrin nəticəsi olaraq sərhəd xəttinin razılaşdırılmamış sahələri üzrə müzakirələrin davam etdirilməsi və Komissiyanın növbəti iclasının Tbilisi şəhərində keçirilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi barədə razılığa gəlinib.*
R.Babayev