Azərbaycan şirkətləri Özbəkistandakı “sosial ev” layihəsində iştirakda maraqlıdır. Bu fikirləri Azərbaycan Sahibkarlar və İşəgötürənlər Konfederasiyasının (ASK) vitse-prezidenti Vüqar Zeynalov səsləndirib.
V.Zeynalov Özbəkistanın Bakıdakı səfirinin müavini Cahongir Aminovla görüşdə vurğulayıb ki, Azərbaycan şirkətləri, xüsusən də tikinti-inşaat, tikinti materialları istehsal edən şirkətləriÖzbəkistandakı “sosial ev” layihəsində iştirakda maraqlıdır.
C.Aminov ölkəsinin Azərbaycanla iqtisadi əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu deyib. Onun fikrincə, Azərbaycana tekstil mallarının idxalı perspektiv istiqamətlərdən biri ola bilər. “Özbəkistanda tekstil sənayesi yüksək səviyyədə inkişaf edib və hər il büdcəyə 2 milyard valyuta gətirir. Azərbaycan daha çox Türkiyə və İrandan tekstil mallarını idxal edir. Bu sahədə alternativ ölkələrdən biri də Özbəkistan ola bilər”, - deyə səfirin müavini qeyd edib.
C.Aminov Azərbaycan sahibkarlarını bu il aprelin 27-28-də Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək “Meyvə-tərəvəz məhsullarının ixracının genişləndirilməsi və rəqabətin inkişaf etdirilməsi” mövzusunda biznes-foruma dəvət edib.*
A.Əzizov