Mayın 4-6-da Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mədəniyyət və turizm nazirlərinin 3-cü iclası və Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli 1-ci Toplantısı keçiriləcək. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev foruma hazırlıqla bağlı iclasda məlumat verib.
“Forum çərçivəsində mədəniyyət və turizm nazirlərinin 3-cü iclası və maliyyə, iqtisadiyyat, siyasət və mədəniyyət sahələrində fəaliyyət göstərən Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli 1-ci Toplantısı keçiriləcək”, - deyə nazir bildirib.
O qeyd edib ki, forumda müxtəlif mövzularda plenar iclaslar keçiriləcək. Tədbirdə 100-dən çox ölkənin nümayəndəsi bir araya gələcək.
“Forumun əsas məqsədinin siyasi, mədəni və dini sahədə əməkdaşlığı, mədəniyyətlərarası dialoq prosesini təşviq etməkdir”, - deyə nazir əlavə edib.
BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Ümumdünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, İSESCO, Avropa Şurasının Şimal-Cənub Mərkəzi ənənəvi forumun tərəfdaşları qismində çıxış edir.
Forum canlı olaraq 8 dildə BMT-nin saytı vasitəsilə yayımlanacaq.