Milli Məclisin İnsan hüquqları ilə Hüquq siyasəti və Dövlət quruculuğu komitəsinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
Qanun layihəsində deputat qarşısında mədəni davranış, Milli Məclisin iclaslarında etik davranma, insanların hüquqlarına, işgüzar nüfuzuna hörmət, qərəzsizlik, qanunsuz maddi və qeyri-maddi nemətlərdən, imtiyazlar və güzəştlərdən imtina, hədiyyə alma qadağası şərt kimi qoyulur.
Sənəddə qeyd olunur ki, bu şərt “Korrupsiyaya qarşı mübarizə haqqında”Azərbaycan Respublikası Qanununda müəyyən olunan məbləğdən artıq nəzərdə tutulan qonaqpərvərliklə əlaqədar hədiyyələrə şamil olunmur.
Sənəd əsasən, hədiyyə qəbul etmək və ya qonaqpərvərliyə cavab verməkdə çətinlik çəkərkən qərarın qəbulu zamanı parlamentin İnzibati Komissiyasının rəyini öyrənməyi və ona uyğun hərəkət etməyi tövsiyyə edir.
Bundan başqa, qanun layihəsinə görə, deputatlar təhqir xarakterli ifadəölərdən yayınmalıdırlar. Xüsusilə, deputatlar insanların hüquq, azadlıq və qanuni maraqlarını pozan, onların şərəf və ləyaqətini alçaldan təhqiramiz, kobud sözlərdən istifadə etməməlidirlər.
Müəyyən olunmuş normaları pozan deputatlar barəsində inzibati tədbirlər görüləcək.
Müzakirələrin yekunlarına əsasən, sənəd plenar iclasa tövsiyə olunub. **
R.Babayev