Müdafiə naziri general-polkovnik Zakir Həsənov ön xətdə yerləşən birləşmə komandirlərinə cəbhəboyu zonada hər an aktiv döyüşlərə hazır olmaq barədə tapşırıq verib. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
Z.Həsənov nazirliyin rəhbər heyəti, birlik, birləşmə komandirləri, onların müavinləri, xüsusi təyinatlı təhsil müəssisələrinin rəisləri, digər məsul zabitlərin iştirakı ilə cəbhə bölgəsində döyüş və mənəvi-psixoloji hazırlıq, eləcə də təlimlərin yekunlarına həsr olunmuş geniş kollegiya iclasında çıxış edib.
“Cəbhəboyu zonada mövcud vəziyyət barədə danışan müdafiə naziri hər an aktiv döyüşlərə hazır olmaq, düşmənə rahatlıq verməmək, onun fəaliyyətini daim nəzarətdə saxlamaq, istənilən hərəkətlərinin qarşısını qabaqcadan qətiyyətlə almaq və ona maksimum ciddi zərər vurmaq məqsədilə ön xətdə yerləşən birləşmə komandirlərinə konkret tapşırıqlar verib”, - deyə məlumatda bildirilir.
Təlimlərin nəticələrini də təhlil edən müdafiə naziri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən müxtəlif poliqonlarda keçirilən təlimlərdə qarşıya qoyulan məqsəd və vəzifələr uğurla yerinə yetirilib.
O, şəxsi heyətin döyüş qabiliyyəti və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.
Z.Həsənov təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, Ali Baş Komandanın Silahlı Qüvvələr qarşısında qoyduğu müvafiq tapşırıqları komandir-rəis heyətinə çatdırıb.*
F.İsazadə