“AtaBank”ın “Caspian Development Bank" ("CDB Bank") ilə birləşməsi prosesini 3 ay ərzində başa çatdırmağı planlaşdırır. Bu barədə “AtaBank”ın İdarə Heyətinin sədri Dəyanət Quliyev bu gün mətbuat konfransında bildirib.
Xəbər verildiyi kimi, cari həftə “AtaBank” və “CDB Bank”ın birləşmələri barədə elan ediblər.
“Bu prosesi ən çoxu 3 ay ərzində bitirməyi planlaşdırsaqda, daha tez başa çatdırmağa çalışacağıq. Bank “AtaBank” adı ilə fəaliyyətini davam etdirəcək”, - deyə D.Quliyev qeyd edib.
“Synergy Group”un icraçı direktoru İsmayıl Süleymanov bildirib ki, 2017-ci ilin aprel ayında qrup “AtaBank”ın əsas səhmdarına çevrilib. Bundan başqa, “Synergy Group” “CDB Bank”ın əsas səhmdarıdır.
“İki bank birləşəndən sonra Dəyanət Quliyev bankın İdarə Heyətinin sədri vəzifəsində qalacaq. “CDB Bank”ın Müşahidə Şurasının sədri Fərəx Məmmədova “AtaBank”ın Müşahidə Şurasının sədri təyin olunacaq”, - deyə İ.Süleymanov əlavə edib.
Onun sözlərinə görə, birləşmədən sonra “AtaBank” “CDB Bank”ın hüquqi varisi olacaq, bu səbəbdən bütün hüquq və öhdəliklər “AtaBank”a keçəcək.
“Buna görə, birləşmə prosesi “CDB Bank“ın müştəriləri üçün heç bir narahatlığa səbəb olmamalıdır”, - deyə İ.Süleymanov vurğulayıb. **
A.Axundov