2017-ci ilin I rübündə Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yükdaşımaların həcmi 49 mln. 602,9 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara görə, yanvar-mart aylarında qeyri-neft yükdaşımalarının həcmi 5,5% - 35,9 mln. tona qədər artıb.
Yükdaşımaların strukturunda qeyri-dövlət nəqliyyat müəssisələrinin payına 77,3%, dövlət sektorunun payına 22,7% düşüb. I rübdə qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yükdaşımaların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 0,9% artıb.
Hesabat dövründə dəmir yolu ilə 4 mln. 16,1 min ton yük (tranzit yüklər daxil olmaqla) daşınıb ki, bu da 2016-cı ilin yanvar-mart aylarının göstəricisindən 16,5% çoxdur.
Cari ilin I rübündə respublikanın dəniz nəqliyyatı ilə 1 mln. 916,1 min ton (artım 52,3%), avtomobil nəqliyyatı ilə 28 mln. 798,6 min ton (artım 2,3%), hava nəqliyyatı ilə 37,4 min ton (artım 9,7%) müxtəlif növ yük daşınıb.
Bu dövrdə daxili neft kəmərləri ilə 10 mln. 355,2 min ton neft (azalma 7,2%) nəql edilib. 8 mln. 65,4 min ton neft və ya nəqlin bütün həcminin 77,9%-i Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə daşınıb. 2017-ci ilin yanvar-mart aylarında BTC neft kəməri ilə 1 mln. 546 min ton tranzit neft nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb.*
N.Abbasova