Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclasında Fondun 2016-cı il büdcəsinin icrası ilə bağlı məsələlərə baxılıb. Bu barədə ARDNF-dən məlumat verilib.
İclasda Fondun 2016-cı il üzrə maliyyə fəaliyyəti haqqında illik hesabat, maliyyə fəaliyyətinin auditinin nəticələri, Fondun 2016-cı il büdcəsinin icrası ilə bağlı məsələlər müzakirə olunub.
“Müşahidə Şurası Fondun 2016-cı ildə fəaliyyəti haqqında illik hesabatı, 2016-cı ildə maliyyə fəaliyyəti haqqında müstəqil auditorun (PriceWaterhouseCoopers) hesabatını məqbul hesab edib və ARDNF-nin 2016-cı il üzrə büdcəsinin icrası layihəsini təsdiq olunmaq üçün Azərbaycan prezidentinə təqdim olunması barədə qərar qəbul edib”, - deyə məlumatda deyilir.
İclasda baş nazir Artur Rasi-zadə növbəti müddətə ARDNF-in Müşahidə Şurasının sədri seçilib.
Xəbər verildiyi kimi, 2016-cı ildə Fondun gəlirləri 9 mlrd. 410,2 mln. manat, xərcləri 9 mlrd. 22,1 mln. manat təşkil edib. **
N.Abbasova