2025-ci ilə qədər Azərbaycanda illik qaz hasilatı 40 mlrd. kubmetrə çatacaq. Bu barədə SOCAR-ın Qaz İxrac İdarəsinin rəismüavini Nazim Səmədzadə bəyan edib.
“2015-ci ilə qədər Azərbaycanda kommersiya qazının hasilat həcmi illik 40 mlrd. kubmetrə çatacaq”, - deyə N.Səmədzadə bu gün Bakıda keçirilən 2-ci Beynəlxalq "Xəzər və Mərkəzi Asiya - Neft Emalı, Neft-kimya, Ticarət və Logistika" forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanda qaz hasilatının artımı “Şahdəniz”, “Abşeron”, “Ümid” yatağlarının işlənməsi ilə əlaqədar olacaq.
“Gələcəkdə “Naxçıvan”, “Şəfəq-Asiman”, “Zəfər-Məşəl” və s. perspektivli strukturlarda kəşfiyyat işlərinin aparılması planlaşdırılır”, - deyə o qeyd edib.
N.Səmədzadə vurğulayıb ki, Azərbaycan enerji təhlükəsizliyi və qaz tədarükünün şaxələndirilməsində Avropa üçün yeni mənbəyə çevriləcək (2020-ci ildə Avropaya qaz ixracı başlanacaq - İF).
2016-cı ildə Azərbaycanda qaz hasilatı 29 mlrd. 331,3 mln. kubmetr təşkil edib.
Energetika Nazirliyi 2017-ci ildə qaz hasilatını 29 mlrd. 561 mln. kubmetr səviyəsində proqnozlaşdırır. **
N.Abbasova