Qaradağ Rayon Məhkəməsində Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun barəsində açılmış cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Məhkəmənin hökmü ilə Ə.İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə məhkəmədən məlumat verilib.
Keçmiş nazir AR Cinayət Məcəlləsinin 234.1-ci maddəsi“Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama”, 315.2-ci maddəsi “Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə, həmin şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə” və 317-2.1-ci maddəsi “Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi” ilə təqsirli bilinib.
Ə.İnsanov 2005-ci ilin payızında digər yüksək rütbəli şəxslərlə birgə dövlət çevrilinin hazırlanmasında şübhəli bilinərək həbs olunub. Daha sonra dövlət çevrilişində iştiraka dair cinayət işi ayrı icraata göndərilib. Sabiq nazir dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunaraq 11 il müddətinə azadlıqdan məhrum olunub. **
R.Babayev