Azərbaycan hökuməti tikinti sektorunda qeyri-rəsmi məşğulluqla mübarizəyə dair təkliflər hazırlayacaq. Bu barədə bu gün jurnalistlərə baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiya Komissiyasının sədri Əli Əhmədov məlumat verib.
“Qeyri-rəsmi məşğulluq işçilər qarşısında bir sıra öhdəliklərin yerinə yetirilməməsinə səbəb olur. Bu yolla işəgötürənlər vergi, sosial və digər məcburi ödənişlərdən yayınır. "Yaxın vaxtda tikinti sektorunda qeyri-rəsmi şəkildə məşğulluğa cəlb edilən işçilərlə əlaqədar xüsusi layihə hazırlanacaq", - deyə o bildirib.
Bu gün tikinti sektorunun nümayəndələri ilə görüşən Ə.Əhmədov qeyd edib ki, ölkədə neftdən sonra ən çox sərmayə tikinti sektoruna yatırılıb.
“Rəsmi statistikaya əsasən tikinti sektorunda 343 min nəfər çalışır. Bu Azərbaycanda iqtisadi fəal əhalinin 7%-ni təşkil edir", - deyə komissiyasının sədri əlavə edib.
Onun sözlərinə görə, ötən il ölkə iqtisadiyyatına yatırılan 15 milyard manat sərmayənin 11,4 milyard manatı tikinti sektoruna yönəldilib.*
A.Axundov