Səudiyyə Ərəbistanı Azərbaycanın qeyri-neft sektoruna investisiya yatırmağa hazırdır. Bunu Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falihdeyib.
“Biz “SAAB”, “Maaden” kimi nəhəng ərəb şirkətlərini Azərbaycana investisiya qoymağa həvəsləndirəcəyik. Bizim çoxsaylı özəl müəssisələrimiz, sahibkarlarımız onlara daha çox gəlir gətirə biləcək ölkə və məkan axtarışındadırlar. Düşünürəm ki, təhlükəsiz ölkə olan Azərbaycan bu sahədə yaxşı modeldir”, – deyə o, AZƏRTAC-a müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, Azərbaycanın kənd təsərrüfatı məhsullarının Səudiyyə Ərəbistanına ixrac edilməsi növbəti addımlardan biri olacaq.
“Biz Azərbaycanın alüminium sahəsindəki təcrübəsini də öyrənməkdə maraqlıyıq. Bunun üçün qarşılıqlı səfərlərin, görüşlərin keçirilməsi olduqca vacibdir”, – deyə Xalid Əbdüləziz Əl Falihqeyd edib.
O əlavə edib ki, hər iki ölkə neft amilindən asılılığın aradan qaldırılması üzrə təcrübə mübadiləsi apara bilər.
“Biz təbii resurslardan xeyli dərəcədə asılıyıq. Odur ki, iqtisadiyyatı şaxələndirməyə, yeni sahələr yaramağa ehtiyacımız var. Səudiyyə Ərəbistanı 2030-cu ilə hesablanmış proqram irəli sürüb. Bu layihə iqtisadiyyatın şaxələndirilməsini, qeyri-neft sənayesini əhatə edir. Biz azərbaycanlı həmkarlarımızla bir araya gələrək bu layihənin icrası ilə bağlı təcrübə mübadiləsi aparacağıq. Hər iki ölkə təcrübə mübadiləsindən faydalana bilər”, - deyə nazir vurğulayıb.*
A.Axundov