Bakı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına dair Budapeştin mövqeyini yüksək qiymətləndirir. Bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, E.Məmmədyarov və Macarıstan xarici işlər və ticarət naziri Peter Siyarto arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirilib.
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində sülh yolu ilə həll olunmasına dair Macarıstanın davamlı və prinsipial dəstəyini yüksək qiymətləndiririk”, – deyə Azərbaycan XİN başçısının məktubunda qeyd olunur.
E.Məmmədyarov Azərbaycanla Macarıstan arasındakı strateji tərəfdaşlıq münasibətləri və ən yüksək səviyyədə davam edən siyasi dialoqun bütün sahələrdə qarşılıqlı iş birliyinin daha da inkişaf etdirilməsinə əlverişli imkan yaratdığını bildirib.
P.Siyarto isə E.Məmmədyarova ünvanladığı məktubda ötən 25 ildə Azərbaycan və Macarıstan arasında ikitərəfli münasibətlərin yüksələn xətlə inkişaf etdiyini və hazırda əməkdaşlığın bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə genişlənməkdə olduğunu vurğulayıb.
“Azərbaycan və Macarıstan strateji tərəfdaş və yaxın dost ölkələrdir. Biz ölkələrimizin maraqlarına xidmət edən ikitərəfli əlaqələrin daha da inkişafı və şaxələndirilməsində maraqlıyıq”, - deyə o qeyd edib.*
F.İsazadə