Aprelin 1-dən Azərbaycanda mobil cihazların IMEI nömrələrinin qeydiyyatı üçün tələb olunan 30 gün müddət artırılaraq 60 gün müddətlə əvəz edilib. Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
Bu gün nazirlikdə IV İslam Həmrəyliyi Oyunlarına nəqliyyat və rabitə sahələri üzrə hazırlıqla bağlı müşavirə keçirilib.
“Müşavirədə qeyd olunub ki, Oyunlarla bağlı ölkəmizə gələn qonaqların və iştirakçıların mobil cihazlardan rahatlıqla istifadəsinin təmin olunması məqsədilə 01 aprel 2017-ci il tarixindən 01 iyun 2017-ci il tarixinə qədər mobil cihazların IMEI nömrələrinin qeydiyyatı üçün tələb olunan 30 gün müddət artırılaraq 60 gün müddətlə əvəz edilib”, - deyə məlumatda bildirilir.
Bundan başqa, Oyunlar ərəfəsində qonaqların (turist) mobil rabitə xidmətlərindən rahat istifadəsinin təmin olunması məqsədilə cari ilin 15 aprel tarixindən başlayaraq 01 iyun tarixinə qədər xarici vətəndaşlara mobil telefon nömrələrinin sadələşdirilmiş qaydada satışının həyata keçirilməsi operatorlar tərəfindən təmin edilib.
Oyunlardan öncə və Oyunlar zamanı kibertəhlükəsizlik və informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə Kibertəhlükəsizlik üzrə İşçi Qrupu yaradılıb.
Qeyd edilib ki, Oyunların Əməliyyat Komitəsinin istifadəsi üçün nazirlik tərəfindən 247 ədəd “London Taxi”si iki növbəli qrafiklə xidmət göstərilməsi üçün ayrılıb.
Müşavirənin sonunda 4-23 may tarixlərində bütün nəqliyyat və rabitə müəssisələrinin gücləndirilmiş iş rejiminə keçməsi qərara alınıb.*
N.Abbasova