2017-ci ilin yanvar-aprel aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 8 mln. 724,383 min ton Azərbaycan nefti nəql edilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 11,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) məlumat verilib.
“Cari ilin aprel ayında BTC ilə 2 mln. 242,574 min ton neft daşınıb. Ümumilikdə kəmərin istismara verildiyi vaxtdan (4 iyun 2006-cı il – İF) 2017-ci il mayın 1-nə qədər 330 mln. 262,445 min ton neft nəql olunub”, - deyə məlumatda bildirilir.
Bundan başqa, aprel ayında BTC neft kəməri ilə 546,171 min ton Türkmənistan nefti nəql olunub.
Dəqiqləşdirilmiş məlumatlara əsasən, cari ilin yanvar-aprel aylarında Ceyhan neft terminalından 8 mln. 39,435 min ton, o cümlədən aprel ayında 2 mln. 85,526 min ton Azərbaycan nefti yola salınıb. BTC-nin istismara verildiyi vaxtdan 327 mln. 874,034 min ton Azərbaycan nefti yola salınıb.
Xəbər verildiyi kimi, 2016-cı ildə BTC kəməri ilə 28 mln. 862,673 min ton Azərbaycan nefti nəql edilib.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 mln. tondan çoxdur.
Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); “Chevron” (8,9%); “Statoil” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “CIECO” (2,5%); INPEX (2,5%), “Total” (5%) və ONGC (2,36%) şirkətləridir.*
N.Abbasova