Milli Məclis Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında Türkiyəyə dair qəbul edilən qərarları tənqid edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
“AŞPA-nın yaz sessiyasında Türkiyə barəsində ikili standartlar tətbiq olundu. Nəticədə Türkiyənin postmonitorinq prosesindən monitorinq mərhələsinə salınmasına dair qərar qəbul edilib”, - deyə AzərbaycanınAŞPA-dakı nümayəndə heyətinin rəhbəriSəməd Seyidov bu gün parlamentin plenar iclasında bildirib.
Onun sözlərinə görə, hazırda Avropada islamofobiya, radikalizm və ekstremizmin artması tendensiyası müşahidə olunur.
“Müxtəlif partiya və ayrı-ayrı təşkilatların bəyanatlarında da bunun şahidi oluruq. Televiziya proqramlarında müşahidə edirik. Avropaya miqrantların sayının artımı ilə bağlı bu tendensiyalara daha da aktuallaşıb”, - deyə S.Seyidov vurğulayıb.
Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Azərbaycan və Türkiyə barəsində Avropa parlamentarilərin ikili standartların tətbiqini və bu təşkilatın fəaliyyətində ciddi böhranın olduğunu qeyd edib
“Beynəlxalq təşkilatlarda, xüsusilə AŞPA-da Azərbaycan və Türkiyəyə qarşı ikili standartların tətbiqini hiss edirik. Bizim ölkələrə digər nöqteyi-nəzərdən yanaşırlar. Bu meyllər AŞPA-nın yaz sessiyasında Türkiyədə demokratik təsisatların fəaliyyəti ilə bağlı məsələyə baxılarkən ən pik nöqtəyə çatdı”, - deyə o bildirib.
S.Seyidov bu məsələyə dair hazırlanan hesabatı qəbuledilməz adlandırıb.
“Bütün dünyada, həmçinin BMT, Avropa İttifaqı, Avropa Şurasında Kürd Fəhlə Partiyası terror təşkilatı qismində təqdim olunur. Həmin hesabatda isə belə adlandırılmayıb. Türkiyədə dövlət çevrilişi cəhdlərinə dair maddələrdə bunun terror dairələri tərəfindən həyata keçirildiyi qeyd olunmur. Həmçinin Türkiyədə keçirilən referenduma birmənalı qiymət verilməyib”, - deyə o vurğulayıb.
S.Seyidov Türkiyənin postmonitorinq prosesindən monitorinq mərhələsinə salınmasına dair qərarı kəskin tənqid edib.
“Bu cür proseslər AŞPA-da ciddi böhranın olduğundan xəbər verir. Nəticədə, Türkiyə nümayəndə heyəti təşkilatı tərk etmək və sessiyalarda iştirak etməməyi qərara alıb. Öncə Rusiya nümayəndə heyəti də analoji qərar qəbul edib. Qeyd etmək lazımdır ki, o cümlədən AŞPA sədri vəzifəsindən kənarlaşdırılma təhlükəsi ilə üzləşib. Beləliklə, AŞPA daxilində obyektivlik axtaran və müstəqil mövqedən çıxış edən Azərbaycan və Türkiyəyə hücumlar müşahidə olunur”, - deyə S.Seyidov qeyd edib.
Onun sözlərinə görə, ikili standartların tətbiqi AŞPA-nın nüfuzuna ciddi zərbə vurur.
Milli Məclisin digər deputatları həmçinin AŞPA tərəfindən Türkiyəyə hücumları kəskin tənqid ediblər. **
R.Babayev