Azərbaycan Mərkəzi Bankı (AMB) əhalinin bütün gəlir qrupları üzrə inflyasiya gözləntilərinin azaldığını qeyd edir.
“Milli valyutanın möhkəmlənməsi trendinin və daxili tələb amillərinin təsiri altında inflyasiya gözləntiləri səngiməyə başlayıb. Aparılan son sorğulara görə əhalinin bütün gəlir qrupları üzrə inflyasiya gözləntilərinin azalması müşahidə olunub. Cari ilin son 3 ayında aylıq inflyasiya templəri yanvar ayına nəzərən aşağı olub”, - deyə AMB-nin məlumatında bildirilir.
Qeyd olunur ki, cari ildə tədiyə balansında yaxşılaşma meyilləri müşahidə edilir.
“Nisbətən əlverişli neft qiymətləri, ixracın, o cümlədən qeyri-neft ixracının artması, habelə rüblük idxalın azalması tədiyə balansının cari hesabına müsbət təsir göstərib. Yaranmış vəziyyətdə 2017-ci ilin sonuna xarici ticarət balansında və cari əməliyyatlar hesabında müsbət saldonun yaranacağı gözlənilir”, - deyə məlumatda vurğulanır.
Tədiyə balansında müsbət meyillər və bu şəraitdə valyuta təklifi kanallarının genişlənməsi son aylarda manatın məzənnəsinin möhkəmlənmə trendini gücləndirib.
“Mərkəzi Bankın valyuta bazarında iştirakının əhəmiyyətli məhdudlaşmasına baxmayaraq manatın məzənnəsində volatillik azalıb və alış-satış məzənnələri arasında spred minimuma enib. Mövcud situasiyanı və yaranmış yeni makroiqtisadi meyilləri nəzərə alaraq pul proqramının həyata keçirilməsində çeviklik artırılıb. Yaranmış vəziyyət makroiqtisadi sabitliyə xələl gətirmədən pul təklifini nisbətən artırmağa imkan verib”, - deyə AMB qeyd edir.*
A.Axundov