Milli Məclis “Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Risk Xidmət Sazişini təsdiq edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri xəbər verir.
“Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Risk Xidmət Sazişi 2017-ci il yanvarın 12-də SOCAR ilə “SOCAR Umid Oil&Gaz Ltd.” şirkəti arasında imzalanıb. Sazişə, həmçinin adı çəkilən dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında “SOCAR Umid Oil&Gaz Ltd.” şirkəti ilə “Umid, Babek Exploration&Production” şirkəti arasında bağlanmış Müqavilə əlavə olunur”, - deyə məlumatda bildirilir.
Sazişi təqdim edən Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov bildirib ki, daxili bazar üçün qaz təchizatının yaxşılaşdırılması, xarici amillərin azaldılması, aşağı qiymətin təminatı hökumətin əsas strateji hədəfidir. Ona görə də "Ümid-Babək" blokunun SOCAR tərəfindən işlənməsinə qərar verilib.
O vurğulayıb ki, 2012-ci ildən 1 mart 2017-ci il tarixinədək "Ümid" yatağından 1,314 mlrd. kubmetr qaz və 217,7 min ton kondensat hasil edilib.*
A.Əzizov