17-19 may tarixində Bakıda kənd təsərrüfatı və qida məhsullarının nəhəng regional forumu - 11-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "CaspianAgro 2017" sərgisi keçiriləcək. Bu barədə tədbirin təşkilatçısı olan CEO (Caspian Event Organisers) şirkətindən məlumat verilib.
“Bu il “CaspianAgro 2017” sərgisində Azərbaycan, Belarus, Çin, İtaliya, Rusiya, Şri-Lanka, Türkiyə və digər ölkələri təmsil edən kənd təsərrüfatı məhsul və avadanlıqlarının istehsalçı və distributorları iştirak edəcəklər. Sərgidə Çin, Gürcüstan və Niderland Krallığı öz milli pavilyonları ilə təmsil olunacaqlar”, - deyə məlumatda deyuilir.
Bu il debütantların arasında İpək Yolu üzərində, Jianqxi (Ciangşi) vilayətini təmsil edən Çin şirkətləri var. Həmçinin, bu il ilk dəfə olaraq Niderland Krallığı sərgidə tərəfdaş-ölkə qismində çıxış edir.
Sərgi kənd təsərrüfatı sənayesinin ən aktual sahələrini əhatə edir və bir sıra innovasiyalarla tanış olmaq üçün ideal imkan yaradır. Bu innovasiyalara quşçuluq fabrikləri üçün avadanlıqlar, istixana avadanlıqları, istifadəyə hazır istixanaların tikintisi, heyvandarlıq sektoru üçün avadanlıqlar, substratlar, heyvan və balıq yemləri, toxumlar, mineral gübrələr, kənd təsərrüfatı texnikası və s. daxildir
Bu tarixdə həmçinin 23-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2017" və Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya "Ipack Caspian 2017" sərgiləri keçiriləcək.
Sərginin təşkilatçıları qismində "Iteca Caspian" və "ITE Group" şirkətləri çıxış edirlər. **
N.Abbasova