Heydər Əliyev Azərbaycan dövlətinin dağılmasının qarşısını aldı. Bunu Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, general-leytenant Mədət Quliyev deyib.
"Ötən əsrin 90-cı illərində SSRİ-in dağılmasından sonra digər Sovet respublikaları kimi Azərbaycan da öz dövlət müstəqilliyini bərpa etdi. O çətin dövrdə Azərbaycan xalqının tələbi ilə hakimiyyətə gələn H.Əliyev qısa müddətdə Azərbaycanın dağılması və məhv edilməsinin qarşısını aldı", - deyə o, bu gün Azərbaycanın sabiq prezidentinin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev – dövlət təhlükəsizliyi orqanlarının ilk azərbaycanlı generalı" adlı konfransda vurğulayıb.
DTX rəisinin sözlərinə görə, ölkə rəhbərliyinə qayıdan H.Əliyev Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalını dayandırdı.
"H.Əliyevin ölkədə hakimiyyətə qayıtması müxtəlif sahələrdə islahatların aparılmasına və Azərbaycanın gələcək inkişafına təkan verdi", - deyə M.Quliyev qeyd edib.
General-leytenant, həmçinin H.Əliyevin dövlət təhlükəsizliyinin təminatındakı rolunu da vurğulayıb.
"Azərbaycanın dövlət təhlükəsizliyinin təminatında H.Əliyevin əvəzsiz xidmətləri var. Hələ sovet illərində, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin Moskvanın tabeliyində olduğu dövrdə o, dövlət təhlükəsizliyi orqanlarında milli kadrların yetişdirilməsinə böyük önəm verirdi", - deyə M.Quliyev diqqətə çatdırıb.*
R.Babayev