Azərbaycan və Türkiyə Silahlı Qüvvələri müxtəlif döyüş elementlərini yerinə yetiriblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
“Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərinə cəlb edilən bölmələr növbəti mərhələdə qarşılıqlı uzlaşma şəraitində müxtəlif döyüş elementlərini yerinə yetiriblər”, - deyə məlumatda bildirilir.
Mayın 1-də başlayan Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri mayın 5-dək davam edəcək.
Təlimlərdə 1000 nəfərədək şəxsi heyət, 80-dək hərbi texnika, 60-dan çox artilleriya qurğuları və minaatanlar, Azərbaycan Hərbi Hava Qüvvələrinin 12 ədəd döyüş (Mi-35) və nəqliyyat (Mi-17) helikopterləri, eləcə də zenit-raket kompleksləri iştirak edir.
Təlimlərin məqsədi Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirmək, koordinasiyanı inkişaf etdirmək, qərargahların müştərək planlaşdırmaları, bölmələrin hazırlığı və əməliyyatları icra etmə qabiliyyətini yüksəltməklə iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.*
F.İsazadə