Azərbaycan islamofobiyaya qarşı mübarizədə fəal iştirak edir. Bunu prezident İlham Əliyev deyib.
Dövlət başçısının saytında verilən məlumata görə, İ.Əliyev mayın 3-də İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymini qəbul edib.
İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin xarici siyasətimizin mühüm bir hissəsini təşkil etdiyini və Azərbaycanın bu təşkilatın çox fəal üzvü olduğunu vurğulayan prezident son illərdə ölkəmizdə bu qurumun fəaliyyəti ilə bağlı nazirlər səviyyəsində bir sıra mühüm tədbirlərin keçirildiyini qeyd edib.
Dövlət başçısı deyib: “Müsəlman ölkələri arasında həmrəylik və əməkdaşlıq siyasətimizin gündəliyində duran ən mühüm məsələlərdəndir və bizim bu istiqamətdə təşəbbüslərimiz nəcib bir məqsədə - müsəlman ölkələrinin siyasi, iqtisadi və digər sahələrdə bir-birinə daha da yaxınlaşması işinə xidmət edir”. Azərbaycanın beynəlxalq təşkilatlarda, xüsusilə Birləşmiş Millətlər Təşkilatında qardaş müsəlman ölkələri ilə həmişə həmrəy olduğunu vurğulayan prezident İ.Əliyev İslam Əməkdaşlıq Təşkilatının da öz növbəsində Azərbaycana güclü dəstək verdiyini məmnunluqla qeyd edib.
O vurğulayıb ki, İslam Əməkdaşlıq Təşkilatının sonuncu sammitində Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı kontakt qrupunun yaradılması qərarının qəbul edilməsi və təşkilatın münaqişə ilə bağlı ədalətli mövqeyi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bu mövqe Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin möhkəm əsaslarının qurulmasında mühüm rol oynayır. Dövlət başçısı ölkəmizin bu təşkilatla həm ikitərəfli, həm də beynəlxalq səviyyədə əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əmin olduğunu bildirib.
İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin deyib: “Azərbaycan siyasi, iqtisadi, mədəni, sosial, gənclər arasında əməkdaşlıq sahələrində İslam Əməkdaşlıq Təşkilatının və İslam ailəsinin çox mühüm üzvüdür. Bu, çox önəmlidir. Azərbaycandakı inkişaf prosesləri və tolerantlıq İslam dünyasında bir nümunədir”.
Qonaq Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunlarına toxunaraq bunu çox önəmli beynəlxalq idman tədbiri kimi dəyərləndirib və həmin tədbirin bütün müsəlman ölkələrinin bu mötəbər Oyunlarda iştirakı və Azərbaycanda gedən inkişaf prosesləri ilə yaxından tanış olmaları üçün yaxşı imkan yaratdığını vurğulayıb.
Görüşdə Azərbaycanın turizm potensialı müzakirə edilib.*
R.Babayev