Iqtisadi fəal əhalinin əmək məhsuldarlığının artırılması Azərbaycanda inkişafa təkan verəcək. Baş nazirin müavini Əli Əhmədov belə hesab edir.
“Azərbaycanın yüksək iqtisadi inkişafı fonunda əmək məhsuldarlığının artırılması inkişafa təkan verə biləcək çox əhəmiyyətli sayılmalıdır. Məqsəd bundan ibarət olmalıdır: əmək məhsuldarlığı daha da artırılsın və onun yaradılan dəyərdə iştirak payı çoxaldılsın; əmək resurslarından və iş vaxtından səmərəli istifadə olunsun; əməyin texniki və enerji tutumu səviyyəsi yüksəldilsin”, - deyə Ə.Əhmədov “Azərbaycan” rəsmi qəzetində dərc olunan məqalədə yazır.
Onun rəyinə görə, əmək məhsuldarlığında bir sıra amillərlə yanaşı, onun mexanikləşməsi və avtomatlaşması birbaşa rol oynayır.
Ə.Əhmədov vurğulayır ki, Dövlət Statistika Komitəsinin məlumatlarının təhlilindən aydın olur ki, 2016-cı ildə ölkədə 54.352 mln. manatlıq ÜDM yaradılmasında 4671 min nəfər iştirak edir. “Beləliklə, adambaşına yaradılan ÜDM 12 min manata bərabərdir”, - deyə o qeyd edib. **
A.Axundov