Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlər üçün yeni qəsəbələrin salınmasına ümumilikdə 2,3 mlrd. manat vəsait sərf edib. Bu barədə Azərbaycan Respublikası baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bəyan edib.
“Bunun 2 mlrd. manatı Dövlət Neft Fondunun vəsaitidir və onun da 1,95 mlrd. manatı, yaxud 97%-i son 13 ildə ayrılıb”, - deyə Ə.Əhmədov “Azərbaycan” qəzetindəki məqaləsində qeyd edib.
O bildirib ki, indiyədək 50 min ailə və ya 250 min nəfər qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb ki, bundan 46 min ailə, yaxud 230 min nəfər son 13 ilin payına düşür.
“Qaçqın və məcburi köçkünlər üçün indiyədək 95 müasir qəsəbə və çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınıb”, - deyə baş nazirin müavini vurğulayıb.
Yeni qəsəbələrdə 151 məktəb, 58 mədəniyyət, 59 səhiyyə müəssisəsi, 60 uşaq bağçası, 2 Olimpiya İdman Kompleksi tikilib.
“Ümumilikdə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə 6,2 mlrd. manat məbləğində vəsait xərclənib. Bunun 2,8 mlrd. manatı dövlət büdcəsinin, 2 mlrd. manatı Dövlət Neft Fondunun, 1,4 mlrd. manatı isə beynəlxalq maliyyə qurumlarının və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir”, - deyə Ə.Həsənov bildirib. **
R.Babayev