Azərbaycan NATO ilə uzun illər səmərəli əməkdaşlıq həyata keçirir. Bunu prezident İlham Əliyev deyib.
Dövlət başçısı mayın 4-də NATO baş katibinin ictimai məsələlər üzrə müavini Tacan İldemi qəbul edib.
“Azərbaycan NATO ilə uzun illər səmərəli əməkdaşlıq həyata keçirir, müxtəlif proqramlar, o cümlədən “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində sülhməramlı əməliyyatlarda həmişə etibarlı tərəfdaş kimi çıxış edir”, - deyə prezidentin rəsmi saytında bildirilir.
Prezident İ.Əliyev qeyd edib ki, bu gün Azərbaycan sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verir, eyni zamanda, Azərbaycan hərbçiləri Əfqanıstanda təhlükəsizliyin təmin olunması işində iştirak edir, həmçinin Azərbaycan Əfqanıstanla müxtəlif sahələrdə əməkdaşlığı genişləndirir.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.*
F.İsazadə