Azərbaycan xalqı sadə ermənilərlə düşmənçilik aparmır, yalnız işğal altındakı torpaqlarının sülh yolu ilə azad olunmasını istəyir.Bu barədə Rusiyanın ictimai-siyasi xadimi, politoloq Aleksandr Duqin deyib.
“Bakıda və İsmayıllıda keçirdiyim görüşlər zamanı mənə bir daha aydın oldu ki, Azərbaycan xalqı Dağlıq Qarabağ məsələsində münaqişə tərəfdarı deyil və sülh istəyir”, - deyə “AzərTAc” agentliyinin məlumatına görə A.Duqin vurğulayıb.
Lakin onun sözlərinə əsasən, müəyyən qüvvələr iki xalq arasında vəziyyəti daim gərgin saxlamaqda maraqlıdır. “Rusiya bu münaqişənin tezliklə həll olunmasına kömək etmək istəyir”, - deyə politoloq bəyan edib.
O bildirib ki, Azərbaycanın rusdilli əhalisi respublikada yaradılan həyat şəraitindən son dərəcə məmnun olduqlarını qeyd edib.
“Dövlətin qayğısını hər zaman hiss etdiklərini dilə gətirən İsmayıllı rayonunun İvanovka kəndi sakinləri mənə bildirdilər ki, dünyanın heç bir yerində Azərbaycandakı kimi əmin-amanlıq yoxdur. Onlar hətta gecələr öz uşaqlarını küçəyə təkbaşına buraxdıqlarına görə narahat olmadıqlarını dedilər”, - deyə A.Duqin vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda yığcam şəkildə yaşayan ruslar Cənubi Qafqazın digər ölkələrindən fərqli olaraq buradan köçüb getmək istəmirlər. “Onlar bu barədə heç düşünmürlər, əksinə, vaxtilə buradan köçüb gedənlər yenidən geri qayıdırlar. Ruslar bu gün bir çox üstünlüklərə görə, Azərbaycanı yaşamaq üçün ən əlverişli yer hesab edirlər”, - deyə politoloq əlavə edib. **
R.Babayev