Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir, münaqişə beynəlxalq normalar çərçivəsində həll olunmalıdır. Bu sözləri prezident İlham Əliyev deyib.
"Qarabağ bizim tarixi ərazimizdir. Münaqişə beynəlxalq normalar çərçivəsində həll edilməlidir, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bütün dünya bu mövqe ilə razıdır", - deyə o, bu gün IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı bəyan edib.
Prezidentin sözlərinə görə, Ermənistan indiyədək BMT-nin Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamələrə etinasız yanaşır. Bu isə xalqımızda narahatlıq doğurur.
"BMT-nin bir sıra qətnamələri saatlar ərzində icra olunur, Azərbaycana münasibətdə isə 4 qətnamə 20 ildən çoxdur yerinə yetirilmir və bu, ikili standartların göstəricisidir”, - deyə İ.Əliyev vurğulayıb.
Dövlət başçısı əlavə edib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında tarixi və mədəniyyət abidələrini, məscidləri məhv edir. “Biz isə Bakıda erməni kilsəsini bərpa etmişik”, - deyə o qeyd edib.*
R.Babayev