Prezident İlham Əliyev multikulturalizm və təhsili ekstremizm və radikalizmlə effektiv mübarizə üsulu hesab edir.
«Radikalizm və ekstremizmlə mübarizənin resepti multikulturalizm və təhsildir, çünki ekstremizm təhsilin olmadığı, gənclərin beyinlərinin yuyulduğu, uşaqların terror aktları törətməyə məcbur edildiyi yerdə inkişaf edir», - deyə dövlət başçısı bu gün IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanda əhalinin 100%-i təhsillidir. «Son 10 il ərzində ölkədə 2 mindən artıq məktəb inşa edilib, dövlət təhsilə fəal şəkildə sərmayə yatırır», - deyə İ.Əliyev qeyd edib.
O, dünyada neqativ tendensiyalarla mübarizə aparmaq üçün mədəniyyətlərarası dialoqun inkişafının vacibliyini vurğulayıb. «Biz multikulturalizmin inkişafı naminə səylərimizi birləşdirməliyik, çünki onun alternativi diskriminasiya, islamofobiya, ekstremizm və radikalizmdir», - deyə dövlət başçısı əlavə edib.*
R.Babayev