Azərbaycan 260 adda müdafiə təyinatlı məmulatı İstanbul şəhərində keçiriləcək “İDEF-2017” XIII Beynəlxalq müdafiə sənayesi sərgisində nümayiş etdirəcək. Bu barədə Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.
“Müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayədə heyəti mayın 9-dan 12-dək keçiriləcək “İDEF-2017” XIII Beynəlxalq müdafiə sənayesi sərgisində iştirak məqsədilə Türkiyədə səfərdə olacaq. Sərgidə MSN-in müəssisələrində yaradılan və istehsal olunan 260 adda müdafiə təyinatlı məmulat nümayiş etdiriləcək”, - deyə nazirlikdən bildiriblər.
Sərginin ziyarətçiləri ilk dəfə MSN-nin tabeli müəssisələrində istehsal olunan bir sıra yeni məmulatlarla tanış olacaqlar. Bu, 8,6х70 millimetrlik ”Vaşaq” snayper tüfəngi, 40 millimetrlik QP-25lüləaltı qumbaraatanı, 12,7 millimetrlik silahlarla təchiz edilmiş universal döyüş modulu, “Tufan” milli zirehli nəqliyyat vasitəsidir.
Sərgi çərçivəsində Azərbaycan və Türkiyə hökumətləri arasında “Müdafiə sənayesi sahəsində əməkdaşlığa haqqında” sazişin imzalanması planlaşdırılır. **
A.Əzizov