2017-ci ilin birinci rübündə Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 13 mln. 163,1 min ton təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 11,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Dəhliz çərçivəsində yüklərin 3 mln. 653 min tonu və ya 27,7%-i dəmir yolu nəqliyyatı, 7 mln. 764,8 min tonu və ya 59%-i avtomobil nəqliyyatı, 1 mln. 745,3 min tonu və ya 13,3%-i dəniz nəqliyyatının payına düşüb.
Yanvar-mart aylarında TRACECA çərçivəsində yükdaşımaların ümumi həcmində 2 mln. 723,9 mln. tonu və ya 20,7% tranzit yüklərin payına düşüb.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.**
N.Abbasova