Azərbaycan iqtisadi islahatların aparılması sahəsində Asiya İnkişaf Bankı (AİB) ilə əməkdaşlığı davam etdirmək niyyətindədir. Bunu maliyyə naziri Samir Şərifov Yaponiyanın Yokohama şəhərində keçirilən AİB Rəhbərlər Şurasının 50-ci toplantısında çıxışı zamanı deyib. Nazirin çıxışının mətni bankın saytında dərc edilib.
“Azərbaycan kompleks struktur islahatları həyata keçirir ki, bu da dövlət vəsaitinin idarə olunması, pul-kredit siyasəti və maliyyə sektorunun tənzimlənməsi kimi istiqamətləri əhatə edir. Biz AİB ilə bu sahədə sıx əməkdaşlıq etmək niyyətindəyik”, - deyə o qeyd edib.
S.Şərifovun sözlərinə görə,Azərbaycan AİB ilə əməkdaşlığın səviyyəsindən və respublikanın banka üzv olduğu dövr ərzində göstərdiyi dəstəkdən məmnundur.
O, bankın maliyyələşdirdiyi infrastruktur layihələri, eləcə də Azərbaycanda iqtisadi inkişafa dəstək məqsədilə bu yaxınlarda ayırdığı $500 mln. məbləğində krediti qeyd edib.
“Bu kredit ölkədə makroiqtisadi sabitliyin bərpasına yönəlib. Hökumət tərəfindən atılan addımlar makroiqtisadi sabitliyi bərpa etməyə kömək edib və iqtisadiyyatın neft sektorundan qeyri-neft sektoruna keçidi sürətləndirib”, - deyə maliyyə naziri əlavə edib.*
A.Axundov