Prezident İlham Əliyev müsəlman ölkələrini Azərbaycan ərazilərini işğal etmiş Ermənistanla əməkdaşlıqdan çəkinməyə çağırıb.
"Hesab edirəm ki, Ermənistanı açıq-aydın təcavüzkar kimi tanıyan BMT və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) qətnamələri işğalçı dövlətlə münasibətləri inkişaf etdirmək niyyətində olan bütün müsəlman ölkələri üçün əsas mesaj olmalıdır”, - deyə dövlət başçısı İƏT-in rəsmi mətbuat orqanı olan “OIC Journal” jurnalında dərc edilmiş məqaləsində bildirib.
O vurğulayıb ki, Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycanın dini-mədəni sərvətlərinə qarşı deyil, həm də ümumilikdə İslamın tarixi-mədəni irsinə qarşı olan hücumdur.
“Pakistan və Səudiyyə Ərəbistanı Ermənistanı Azərbaycan torpaqlarını işğal etdiyinə görə rəsmən tanımaqdan imtina etmiş, Türkiyə isə bu ölkə ilə heç bir əlaqə qurmamışdır. Hazırda 5 müsəlman dövləti Xocalı soyqırımını rəsmən tanımışdır. Biz bütün bunları qardaş münasibəti və real dəstəyin nümunəsi hesab edirik”, - deyə İ.Əliyev qeyd edib.
Dövlət başçısı deyib ki, ermənilər son 200 il ərzində Azərbaycanın tarixi torpaqlarını zəbt etmək və həmin ərazilərdə öz dövlətlərini qurmaq planlarını reallaşdırmaq məqsədilə qanlı aksiyalar həyata keçiriblər. “İndiki Ermənistan dövləti də məhz Azərbaycanın əzəli torpaqlarında yaradılmışdır”, - deyə İ.Əliyev əlavə edib.*
A.Əzizov