Rusiya Azərbaycan və Ermənistan arasında münaqişənin olmasını istəmir, bu, regionda sabitliyi pozar. ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland belə hesab edir.
"Sizi əmin edirəm ki, Rusiya Azərbaycan və Ermənistan arasında münaqişənin olmasını istəmir. Bu, regionda sabitliyi pozar. Əlbəttə, ABŞ və Rusiyanın maraqları fərqli olacaq. Amma bu, o demək deyil ki, biz birlikdə problemləri həll edə bilmirik”, - deyə R.Hoqland "Amerikanın səsi"nə müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ münaqişənin nizamlanması prosesinə daha fəla şəkildə qoulmalıdır. “İndi bizdə yeni administrasiya var. Vaşinqton hələ xarici siyasətin müxtəlif versiyalarını nəzərdən keçirir. Gəlin bir az gözləyək və görək necə olur", - deyə o qeyd edib.
R.Hoqland vurğulayıb ki, təmas xəttində hərbi əməliyyatların başlamasının mümkünlüyü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə bütün vasitəçiləri narahat edir.
O, münaqişə tərəfləri arasında indiyə qədər insidentlərin yaşandığını təəssüflə qeyd edib.
Amerikalı həmsədr Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin aprelin 28-də Moskvada keçirilən görüşündə münaqişənin sülh yolu ilə həll edilməsinin zəruriliyinin qeyd olunduğunu xatırladıb və buna ümid etməli olduqlarını bildirib. R.Hoqland “problemi birdəfəlik həll etmək üçün ən yüksək səviyyədə ciddi danışıqların vaxtının çatdığını” vurğulayıb.
“Biz hər iki tərəfi razı salacaq təkliflərə diqqəti yönəltməliyik. Bu cür mürəkkəb münaqişələrdə bütün tərəflərin razı olmasına çalışmaq lazımdır”, - deyə R.Hoqland bildirib. **
A.Əzizov