2017-ci ilin I rübündə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan (AÇG) 7,1 mln. tondan çox neft hasil edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən (ABƏŞ) məlumat verilib.
Ötən ilin I rübündə AÇG blokundan 8 mln. ton neft hasil edilib. Bu ilin yanvar-mart aylarında blokdan neft hasilatı 11,2% azalıb.
Məlumata görə, şirkət 2017-ci ilin I rübündə AÇG blokunun işlənməsi layihəsi üzrə xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,2% - $415 mln.-dək azaldıb. Hesabat dövründə bu məbləğdən $111 mln.-u ABƏŞ-in AÇG layihəsi üzrə əməliyyat xərclərinin, $304 mln.-u əsaslı xərclərin payına düşüb.
Bu dövrdə orta sutkalıq neft hasilatı 581 min barel (2016-cı ilin I rübündə 651 min barel – İF-Az) təşkil edib.
Hesabat dövründə “Çıraq” platformasından sutkada 55 min barel (ötən ilin I rübündə sutkada 46 min barel - İF-Az), “Mərkəzi Azəri” platformasından 124 min barel (sutkada 155 min barel), ”Qərbi Azəri” platformasından 112 min barel (sutkada 116 min barel), “Şərqi Azəri” platformasından 75 min barel (sutkada 69 min barel), “Dərinsulu Günəşli” platformasından 121 min barel (sutkada 139 min barel), “Qərbi Çıraq” platformasından 94 min barel (sutkada 126 min barel) neft hasil olunub.*
N.Abbasova